Müharibə belə başladı: Peskovun işarəsi, Elmarın gedişi...
Azərbaycan-Ermənistan sərhədində 2020-ci ilin yay aylarında gərginlik artırdı. Atəşkəsin Azərbaycanın maraqlarına cavab vermədiyi aşkar idi, Dağlıq Qarabağda antiterror əməliyyatına başlanılması an məsələsi idi. Bu arada, İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu istefaya göndərdi. Doğru qərar idi. Fikirlərini ifadə etməkdə çətinlik çəkən Elmar Məmmədyarov müharibə dövrünün naziri deyildi.
Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan şahinoğlu qeyd edib.
Azərbaycanla Ermənistan arasında iyul ayında davam edən döyüşdə ən aktual suallardan birinin “Rusiya münaqişəyə müdaxilə edəcəkmi” olduğunu vurğulayan politoloq bəzi xatırlatmalar edib:
“Rusiya 2016-cı ilin aprelində də Azərbaycana mane olmaqla döyüşün davam etdirilməsinə imkan verməyərək, daha çox ərazinin işğaldan azad olunmasının qarşısını almışdı.
2020-ci ilin iyul ayında ermənilərin sərhəddəki təxribatları, Azərbaycana torpaqları işğaldan azad etmək üçün növbəti imkan yaradırdı. Kreml həmin günlərdə prosesə mane olmadı, Moskvadan yalnız atəşkəs və sülh çağırışları edildi. Ancaq zaman keçdikcə Kremlin prosesə müdaxiləyə hazırlaşdığına dair xəbərlər çoxaldı. Vladimir Putin həmin günlərdə Rusiyanın Cənubi və Qərbi hərbi dairələri qoşunlarının qəfil yoxlanışını elan etdi. Rusiya qoşunlarının cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək “Qafqaz-2020” təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılırdı. Bundan başqa Vladimir Putin iyulun 17-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə etdi. Kremlin təmsilçisi Dmitri Peskov Təhlükəsizlik Şurasının iclasında Moskvanın vasitəçilik səylərinə hazır olduğunun qeyd edildiyini bildirdi: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyac olması qeyd edilib”.
Rəsmi Bakı Moskvanın səylərini diplomatik tərzdə müsbət qiymətləndirtməklə yanaşı, Rusiyanın təktərəfli vasitəçiliyindən yayınmağa çalışırdı”.
E.Şahinoğlu bildirib ki, rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı yüksək səviyyəyə qaldırması Rusiyanın təzyiqlərini neytrallaşdırmağa xidmət edirdi:
“Kreml sahibinin Azərbaycan və Türkiyə prezidentləri ilə tərəfdaşlıq münasibətləri var. Bu mənada Kreml sahibinin təmsilçisi Peksovun həmin günlərdəki açıqlaması maraqlıydı: “Putinlə Ərdoğan bir-birinə bənzəyirlər. Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar. Bu, Suriya məsələsinə də aiddir”.
Suriya məsələsinə aid olan Ermənistan-Azərbaycan münaqişəsinə niyə aid olmasın? Ərdoğanın sərhəddəki insident fonunda Azərbaycana verdiyi qətiyyətli dəstək Putini düşünməyə vadar etməliydi. Kiçik və işğalçı Ermənistana görə Türkiyə və Azərbaycanla tərəfdaşlığı gərginləşdirməyə dəyərdimi?
İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəkı çıxışında Türkiyə ilə strateji tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini bir daha qeyd etdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın xüsusi olaraq ona söylədiyi fikirləri xatırlatdı: “Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaq. Biz sona qədər bir yerdəyik”. İlham Əliyevin bu sözlərindən aydın oldu ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi yüksək səviyyəyə qaldırmağa hazırdır. Elə sərhəddəki qarşıdurma zamanı müdafiə nazirinin Ankaraya göndərilməsi prezidentlərin telefon söhbətindən sonra reallaşdı.
Dövlət başçısının həmin gün etdiyi çıxışdan bu qənaətə gəlmək olardı ki, danışıqların davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların güc yolu ilə azad olunmasına hazırlıq gedir. Ancaq bu dəfəki hərbi əməliyyat 2016-cı ilin əməliyyatına bənzəməməlidir, yəni kiçik ərazinin azad olunmasıyla kifayətlənə bilmərik, prezidentin də dediyi kimi “yarımçıq həll” Azərbaycanın maraqlarına cavab vermir. Bu mənada prezidentin Şuşanı xatırlaması təsadüfi deyildi. Azərbaycanın Dağlıq Qarabağ istiqamətindəki zərbəsi Dağlıq Qarabağ ətrafındakı beş rayonla yanaşı Şuşa, Laçın və Kəlbəcərin də azad olunmasını sürətləndirməlidir.
Prezidendin çıxışının bu hissəsi ona görə vacib idi ki, Azərbaycan ictimaiyyəti Tovuz döyüşlərindən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edirdi. Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaqdan ötrü Azərbaycan üçün minbit zəmin yaradırdı. Azərbaycan prezidentinin fikri qəti idi: Müharibə qaçılmazdır. Bu, Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesaj idi: onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar. Belə də oldu”.
Politoloqun sözlərinə görə, Kremldə də ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakının işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşündüyü və bu planların reallaşmasında Türkiyənin dəstəyinin olacağını təxmin edirdilər:
“Yəqin Moskvanın kəşfiyyat məlumatları da bundan xəbər verirdi. Bu baş verməsin deyə Putin müharibədən az əvvəl Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönəltməyə çalışdı. Məsələn, telefon danışığıyla bağlı yayılan xəbərdə belə bir hissə var idi: “Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildirib. Liderlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub”.
Beləliklə, Kreml Türkiyənin Azərbaycanda var olduğunu müharibədən əvvəl qəbul etmək məcburiyyətində qaldı. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə edirdi. Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri 2020-ci il iyulun 29-da başladı. Bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşırdı. Buna baxmayaraq, 2020-ci ildəki hərbi təlimlərin çoğrafiyasının geniş olması diqqəti çəkirdi. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək, bütünlükdə Azərbaycan əhatə olunacaqdı. Bu, Ermənistana və Rusiyaya vacib mesajıydı. Türkiyə Qars müqaviləsiylə yalnız Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Ancaq birgə hərbi təlimlərin coğrafiyası göstərirdi ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsizliyi əhəmiyyət daşıyır.
Mövcud vəziyyət Ermənistanı da ciddi narahat etməyə başladı. İşğalçı ölkə panika içindəydi. Ermənistan hakimiyyətinin bu vəziyyətdə əsas istəyi Rusiyanın Türkiyəyə qarşı sərt ultimatum verməsiydi. Ermənistan hakimiyyəti Rusiyanın Türkiyəni hədələməsini istəyirdi. Ancaq bu baş vermirdi və bu hal Ermənistanın narahatlığını artırırdı. Kreml Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini diqqətlə izləyirdi. Ancaq Rusiyanın hakimiyyət dairələri bu təlimlərə qarşı heç bir bəyanat vermədilər. Kremldə birgə hərbi təlimlərə qarşı bəyanatın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinə zərər verəcəyini anlayırdılar. Rusiya Ermənistanın tələsinə düşmək istəmirdi. Kreml Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyildi.
Ermənistan siyasi elitası və cəmiyyəti hesab edirdi ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcək, genişmiqyaslı müharibəyə başlamayacaq və ya 2016-cı ilin aprelində olduğu kimi bir neçə gün savaşdıqdan sonra xarici təzyiq qarşısında dayanacaq. Ermənistan və erməni separatçıları həm də havadarlarına arxayın idilər, düşünürdülər ki, Rusiya, ABŞ və Fransa Azərbaycana irəriləməyə imkan verməz. Bu dəfə hamısı yanıldı, çünki hesaba qatmadıqları amil var idi – Türkiyə. Uzun illər Türkiyəni Cənubi Qafqazın kənarında saxlamağa müvəffəq olan böyük güclərin hesabları bu dəfə tutmadı. Ankara Azərbaycana iki istiqamətdə dəstək verdi. Türkiyə həm Azərbaycan ordusunu müasir hərbi texnika ilə təmin etdi, həm də Azərbaycana müxtəlif istiqamətlərdən edilən təzyiqləri neytrallaşdrıdı. 2016-cı ildə məhz ikinci səbəbə görə hücumlarımız yarımçıq qalmışdı.
Azərbaycan Türkiyənin dəstəyi ilə iki cəbhədə savaşırdı, bir tərəfdən Ermənistan ordusunu məhv etmək və əraziləri ard-arda azad etmək üçün sürətli hücum planları hazırlanırdı, o biri tərəfdən erməni separatizmini xilas etməyə çalışan xarici güclərin bizə qarşı təzyiqləriylə mübarizə aparılırdı. Azərbaycan məhz bu şəraitdə müharibədə qələbə qazandı”.
Müəllif: Axar.az
Tarix: 27 Sentyabr 23:39
Şərhlər
Digər xəbərlər
Azərbaycan mühəndis istehkamları tikir – Sərkisyan
Gündəm
17:15
Ermənistan Bərdədə bütün konvensiyaları tapdadı – Özdaşlı
Gündəm
16:42
İrəvan “dəhliz” ifadəsindən buna görə qaçır - Ekspert
Gündəm
16:23
Nikolun şok etirafı: “Qardaş respublikaya pay” nə deməkdir?
Gündəm
15:55
İrəvan Qarabağa “ordu” üçün gizli pul göndərir – Detallar
Gündəm
15:10
İrəvan Türkiyəni Rusiya ilə müzakirə edir – Qriqoryan
Gündəm
14:58
Türkiyə çox güclüdür – Armen Sərkisyan
Gündəm
14:33
Ermənistan Qarabağda pensiya, təqaüd verir
Gündəm
14:21
Qriqoryan: Bakıdan müsbət siqnal gözləyirik
Gündəm
13:57
Azərbaycan hərbi gücünə görə region lideridir
Gündəm
11:52
Paşinyan: Müharibəyə iki gün qalmış məlumat ələ keçirdik ki…
Gündəm
10:09
İraqda saxlanılan daha 38 uşaq ölkəmizə gətirildi
Gündəm
09:30
Pekindən Bakıya və İstanbula maşınla… - Şamil Ayrım
Gündəm
09:07
Hansı xəritələrlə sərhədi çəkək? Paşinyanın cavabı - Video
Gündəm
09:00
Nikol “Zəngəzur yolu”nu dəstəklədi: “Dəhliz” yox...
Gündəm
08:45
Bakıya görə Türkiyəyə embarqo qoyan şirkət müflis oldu
Gündəm
00:32
Bərdədə törədilən növbəti terrordan bir il ötür
Gündəm
00:23
Vətən müharibəsi xronikası: 28 oktyabr
Gündəm
00:08
Şarl Mişelə Qarabağdakı bərpa işlərindən danışıldı
Gündəm
27 Oktyabr 23:48
Əli Əsədov daha bir mühüm qərar verdi
Gündəm
27 Oktyabr 22:00
Baş nazirdən mediasiya prosesi ilə bağlı - Dəyişiklik
Gündəm
27 Oktyabr 21:14
Ərbaş Şuşada: Bundan sonra da belə olacaq
Gündəm
27 Oktyabr 21:06
Kamran Əliyev Cakumopulosla görüşdü
Gündəm
27 Oktyabr 20:14
MM deputatı ATƏT-in toplantısında çıxış etdi
Gündəm
27 Oktyabr 19:47

Axar.az AZRUENآذ